Aşıq Hüseyn Cavan
Əliyev Hüseyn Mikayıl oğlu (1916, Uti kəndi, Şərqi Azərbaycan ostanı – 14 noyabr 1985) — şair, aşıq, 1948-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Demokrat Partiyasının üzvü (1946), Azərbaycanın əməkdar mədəniyyət işçisi (1967)
== Həyatı ==
Aşıq Hüseyn Cavan 1916-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalının (hazırkı İranın Şərqi Azərbaycan ostanındakı Kəleybər şəhristanının Abışəhməd bəxşinin Seyidan dehistanındakı) Uti kəndində yoxsul ailədə doğulmuşdur.
Atasının vaxtsız vəfatından sonra anası Zöhrə bir yaşlı oğlu Hüseyni xilas etmək ümidi ilə Şimali Azərbaycana gətirmişdir. Onlar bir müddət Ağcabədinin Şərəfxanlı kəndində, sonra Dəliməmmədlidə yaşamışlar. 7 yaşından muzdurluq etmiş, qoyun-quzu otarmışdır. 1927-ci ildə Göyçəli Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musanın şagirdi olmuşdur (1927–1935).
Bu sənətin sirlərini, şifahi xalq ədəbiyyatını dərindən öyrənmiş, toy-düyünlərdə, el şənliklərində çıxış etmişdir. 1934-cü ildən arabir şeir yazsa da, poetik yaradıcılığa əsasən 1940-cı ildən başlamışdır. Onun ilk şerləri: "Gül Azərbaycan", "Oyan, vətəndaşım", "Ana vətən", "Oktyabr" və s. Təbrizdə "Vətən yolunda" qəzetində dərc olunmuşdur. 1938-ci ilin iyulunda Cənubi Azərbaycana köçüb Təbrizdə yaşamışdır.